Sosial işçi- kimdir o?

Son zamanlar dilimizdə tez-tez rast gəlinməyən bir terminlə qarşılaşırıq- “sosial işçi”. Axı kimdir o? Söz birləşməsində “işçi” sözünün olması dərhal belə bir fikir yaradır ki, bu, kimdirsə, hansısa fəaliyyət sahəsi ilə məşğuldur.

O zaman ortaya belə bir sual çıxır: qeyd olunan fəaliyyətin özü nədən ibarətdir? Ümumiyyətlə, bu anlayış 19-cu əsrin sonlarından Qərbi Avropa və Amerikada geniş vüsət aldığı halda Azərbaycanda isə yalnız 20-ci əsrin sonları və 21-ci əsrin başlanğıcında dilimizə yenicə daxil olur. Bəs yaxşı bunun səbəbini necə izah etmək olar? “Sosial işçi” anlayışı əsas etibarilə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində meydana çıxmışdır. Ancaq müstəqil ixtisas kimi özünü İkinci Dünya Müharibəsindən sonra doğrultmuşdu. 30-cu illərdə ABŞ-da (New Deal) “Yenidən Qurma”, 40-cı illərdə isə Qərbi Avropada (Welfare State) “Firavan Hökumət”, hər bir adamın hüquqlarının tanınmasına çağırırdılar. Sözsüz ki, hökumətdə qeyd olunan bu hüquqların həyata keçirilməsinin qarant olduğunu hesab edirdilər. Lakin tezliklə aydın oldu ki, bu ideyaların həyata keçməsi üçün yaxşı qanunvericiliyə və müəyyən resurslara ehtiyac var. Həmçinin bu və ya digər səbəbdən “göyərtədən kənarda” qalanlara xüsusi yardım göstərmək lazımdır. Hökumət sosial ehtiyaclı adamların sorğularının hər birinə ayrı-ayrılıqda baxmalı və fərdi iş aparmalı idi. Məhz belə çətin vəziyyətdə bu funksiyanı “sosial işçi”lər öz üzərlərinə götürdülər. “Sosial işçi”lərin fəaliyyət sahəsi dedikdə, çoxları adətən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları, qocaları, problemli ailələri nəzərdə tuturlar. Əlbəttə ki, bu belədir. Amma bununla kifayətlənmək olmaz. Siyahını dəstək və yardıma ehtiyacı olan yaşından, cinsindən, etnik mənşəyindən, dinindən və s. asılı olmayaraq əhalinin istənilən təbəqəsindən əlavələr etmək olar. Təsadüfi deyil ki, çox tez-tez “sosial işçi”nin kökünün daha əvvəllərə bağlanması fikirləri ilə də qarşılaşırıq. Bunu orta əsrlərdən gələn xeyriyyəçilik fəaliyyəti ilə əlaqələndirib, eyni şeyin müasir forması kimi göstərirlər. Əslində isə xeyriyyəçilik və “sosial işçi” yalnız ümumi “altrustik” əlaqədar metod və struktur cəhətdən onlar tam fərqlidirlər.

Xeyriyyəçiliklə məşğul olanların əsas hərəkətverici qüvvəsi mənəvi borc və xeyirxahlıq etmək istəyi idi. Bu işin həcmi, yardımın miqdarı və uzun müddətliliyi ilə qiymətləndirilirdi. Müasir “sosial işçi” isə öz vəzifəsini kömək etdiyi insanın onun köməkliliyinə ehtiyacı olmadan keçinməməsində görür, hansı ki, peşəkar fəaliyyətin əsas kriteriyalarından hesab olunur. Buna nail olamq üçün aparılan işi müxtəlif formada: reabilitasiya, normallaşdırma, readaptasiya adlandırırlar. Ancaq yenə də əsas məqsəd yardım istəyənə mövcud sosial kontekstdə müstəqil fəaliyyət göstərmək qabiliyyətini qaytarmaqdır. Buna görə də gələcək “sosial işçi”ləri “sifarişçinin” fərdi psixologiyasına bələd olmağa öyrədirlər. Bundan əlavə, xeyriyyəçiliyi “sosial işçi”dən fərqləndirən ən başlıca xüsusiyyət kimi “sosial işçi”lərin peşəkarlığını qeyd etmək lazımdır. Yeni müstəqillik əldə etmiş, eyni zamanda müharibə şəraitində yaşayan Azərbaycanın “sosial işçi”lərə daha çox ehtiyacı olduğunu desək, yanılmarıq. Çoxlarının çadır şəraitində yaşadığı, bir milyondan artıq qaçqın və məcburi köçkünü, keçid dövrü ilə əlaqədar yaranmış müvəqqəti işsizləri olan ölkədə bir sıra problemlər ortaya çıxır ki, burada “sosial işçi”lərin köməyi əvəzsiz ola bilər. Belə olan halda, “sosial işçi”lər hökumətin ən yaxın köməkçi və dostları ola bilərlər. Əlbəttə ki, əgər qeyd olunan insanların hansı sosial-psixoloji yardımlara ehtiyacları olduğunu və onlarla hansı zəruri işlərin aparılmasını ayrı-ayrılıqda göstərsək, çox vaxt ala bilər. Demək olar ki, Azərbaycan hökuməti artıq bu ehtiyacı hiss edib və bu sahədə mütəxəssislərin hazırlanmasının zəruriliyini anlayıb. Ancaq hiss etmək və ya anlamaq o demək deyil ki, artıq qeyd olunan istiqamətdə müəyyən işlər aparılır. Məncə, ilk öncə məsələyə ictimaiyyətin diqqətini cəlb etmək lazımdır. İnsanlar özləri bu təlabatı hiss etməlidirlər. Yəqin oxucularımızın özləri təqdim olunan məqaləni oxuyarkən məqsədin də məhz bundan ibarət olduğunu aydın hiss edəcək.

Tamerlan RƏCƏBOV

Qeyd: Mənbələr: Teodor Sanin “Sosial iş: ideya və professionalizm” adlı elmi məqaləsi; Malkolm Peyn “Müasir sosial iş nəzəriyyəsi: tənqidi yanaşma” kitabı

Hiç yorum yok:

Yorum Gönder