Sosial işçilər etik qaydalar ilə yanaşı bəzi etik prinsiplər də var ki, onları bilməli və ailə və uşaqlarla iş zamanı onlaı tətbiq etməlidirlər.
• Sosial İşçilər ailə və uşaqlara qarşı baş verən sosial bərabərsizlik və haqsızlığa qarşı mübarizə aparmalıdırlar. Məsələn Azərbaycanda kasıblığın mövcud olması bəzi sosial proqram və siyasətlərin olmaması ilə əlaqədardır.Azərbaycanda Sosial İşçilər bu istiqamətdə dövlətin siyasətinin olması uğrunda çalışmalıdırlar.
• Sosial İşçilər öz peşəkarlıqları üzərində mütəmadi olaraq işləməlidirlər və daimi inkişafda olmalıdırlar. Ailə və uşaqlarla işləyən sosial işçilər bu sahədə olan yeni elmi tədqiqatlar, yanaşmlar və metodlar barəsində məlumatı olmalı və onları öz işlərində tətbiq etməlidirlər.
• Sosial İşçilər ailə və uşaqlar ilə işləyərkən xətər yetirməməlidirlər. Uşaq və ailələr ilə işləyərkən sosial işçilər ortaya çıxa biləcək problemləri əvvəlcədən təxmin etməlidirlər və onların minimum dərəcədə xətər verməsi üçün daha öncədən plan hazırlamalıdırlar.
• Ailə və uşaqlar ilə işləyərkən sosial işçilər seçdikləri və tətbiq etdikləri müdaxilələrin elmi əsası olmalıdır. Hər hansı bir metodu və yanaşmanı uşaq və ailələrə tətbiq etməmişdən qabaq əmin olmalıdır ki, bu metod öncələr tətbiq olunub və səmərəli nəticə verib. Sosial işçilər tənqidi təfəkkürə və tənqidi yanaşmaya malik olmalıdırlar ki, bu da onların nəzəriyyə və uşaq və ailələrin həyatlarında baş verən real hadisələri bir-birinə bağlamaq imkanı versin.
• Sosial İşçi təkcə onlara müraciət edən uşaq və ya ailənin problemi ilə deyil həm də onun özü və ətraf mühiti ilə də ətraflı maraqlanmalıdır.
• Sosial İşçilər uşaq və ailələr ilə işləyərkən onların heysiyyətinə və qüruruna toxunmamalıdırlar: davranışından, görünüşündən və ya şəraitindən asılı olmayaraq hər kəs başa düşülmə, hörmət edilmə və ləyaqətinə toxunulmamaq haqqı vardır.
• Sosial İşçilər hər bir uşağın və ailədə ailə üzvlərinin problemlərinə fərdi olaraq yanaşmalıdırlar; hər kəsə fərdi yanaşma olmalıdır. Hamıya kömək edən metod bəziləri kömək etməz və ya səmərləi olmaz.
• Sosial İşçilər ailələrin və bəzən də uşaqların öz problemləri haqqında verdiyi təklifləri qəbul etməlidirlər. Çünki nə qədər problem içində olsalar da insana özündən başqa kimsə daha yaxşı kömək edə bilməz.Hər bir insan ona nəyin kömək edəcəyini daha yaxşı bilir.Ancaq sosial işçilər bi şeyi yadda saxlamalıdırlar ki, bu prinsip krizis halında olan uşaq və ailələrə aid deyil.
• Sosial İşçilər ailələr ilə işləyərkən onlarda ümid yaratmalıdırlar ki, onların problemləri həll olacaqdır. Amma eyni zamanda yalan sözlər verilməməlidir və real faktlara əsaslanaraq ailələrdə umid yaratmalıdırlar.
• Sosial İşçilərin işlədikləri ailə və uşaqların daxili gücü və potensiallarından istifadə etməlidirlər. Problem içində olan insanın müsbət və güclü keyfiyyətlərini aşkar edib onun üzərində işləmək ona daha səmərəli təsir edər nəinki ancaq problemə və mənfi keyfiyyətə diqqət yetirmək.Məhz bu baxımdan uşaq və ailələr ilə işləyən sosial işçilər qiymətləndirmə zamanı uşağın və ya ailənin güclü xüsusiyyətlərini ortaya çıxartmalıdır. Güclü tərəflər insanların öyrəndikləri, şəxsi keyfiyyətlər, onları əhatə edən dünya haqqında bilikləri, istedadları, şəxsi və ya mədəni tarixçələr, müdriklik və ya ruhanilik ola bilər (bax Əlavə 1).
• Sosial İşçilər ailələrin öz problemlərinin həllində iştirak etmələrinə şərait yaratmalıdırlar. Çünki ailələr kömək prosesinə qoşulduqda onlar passiv deyil aktiv bir iştirakçı olurlar. Onlar bu proses zaman onların halına nələrin kömək edəcəyini öyrənir və ikinci dəfə belə bir hal baş verdikdə özləri artıq çıxış yolunu tapa bilirlər. Siz ailə və uşaqları prosesə cəlb etməkləi onlara özlərinə kömək etməyə kömək etmiş olacaqsınız.Onların edə biləcəyi şeyləri onlar üçün etməyin. Yəni “İşi müraciətçi ilə görün, müraciətçi üçün yox!”. Bu prinsipi daha aydın başa düşmək üçün məşhur Çin atalar sözünü misal çəkmək olar: “Balıq verməkdənsə balıq tutmağı öyrətmək lazımdır!”.
• Sosial İşçilər ailə və uşaqlarla işləyərkən onlara hörmətlə yanaşmalıdırlar. Onlara mütləq lazım olanı tapmaq üçün və ya qərar vermək üçün şərait yaratmalıdırlar: Vəziyyəti idarə et, müraciətçini yox! Yəni Sosail İşçilər müraciətçiləri səlahiyyətləndirməlidirlər.
• Sosial İşçilər uşaq və ailələr aid bütün məlumatları və sirləri məxfi saxlamalıdırlar. Sosial işçilərin qoruya biləcəyi 2 cür məxfilik var: tamamilə məxfi və nisbətən məxfi. Tamamilə məxfi məlumat sosial işçi, ailə və ya uşaq arasında olan məlumatdır və onların icazəsi olmadan sosial işçi bu məlumatları heç kəsə verə bilməz.Amma nisbətən məxfi məlumatlar sosial işçi tərəfindən üçüncü tərəfə verilə bilən məlumatlardır.Lakin bu məlumatlar o zaman verilə bilər ki, əgər sosial işçi aşkar etsə ki, ailədə uşağın və ya digər ailə üzvlərinin həyatını təhlükəyə atacaq bir durum var. Eyni zamanda sosial işçi ailədən kənar şəxslərin həyatına da təhlükə yaradacaq halda məlumat əldə edərsə mütləq uçüncü tərəfə bu barədə məlumat verməlidir.
• Sosial İşçilər işlədiyi yerə, işlədikləri uşaq və ailələr və sosial iş ixtisasına sadiq olmalıdırlar və məsuliyyət daşımalıdırlar.
Hiç yorum yok:
Yorum Gönder