"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın həyata  keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş təşkilati tədbirlərdən biri də uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilməsi və s.), ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların yaradılması, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsidir. Hazırda bu istiqamətdə işlər məqsədyönlü şəkildə həyata keçirilməkdədir.
Eyni zamanda yeni yaradılacaq təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması da Proqramda nəzərdə tutulmuş tədbirlərdəndir.
Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM:

1. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında "Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsili təşkil olunsun.
2. "Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin tədris planı və proqramı təsdiq edilsin (əlavə olunur).
3. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva):
3.1."Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinə cəlb edilmə üçün ümumtəhsil internat məktəblərində (ümumi tipli internat evlərində), həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrində işləyən tərbiyəçilərin tərkibini araşdırsınlar və baza ali pedaqoji təhsilli (ixtisası ibtidai sinif müəllimi, ümumtəhsil fənləri üzrə müəllim, psixoloq, defektoloq və loqoped olan) tərbiyəçilərin siyahısını müəyyənləşdirsinlər.
3.2."Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinə cəlb ediləcək tərbiyəçilərin ərizələrini və sənədlərini 2010-cu il avqust ayının 31-dək BPKİYİ-yə təqdim etsinlər.
4. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rəhbərliyi (A.Zamanov):
4.1."Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsili almaq üçün ərizə vermiş tərbiyəçilərin müsahibədən keçirilməsini təşkil etsin və dinləyicilərin siyahısını elan etsin.
4.2. "Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin keyfiyyətli şəkildə həyata keçirilməsi məqsədilə tədris planında nəzərdə tutulmuş fənlər üzrə mütəxəssislərin işə cəlb olunmasını təmin etsin.
4.3.Nəzərə alsın ki, "Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsili yalnız Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirilir və kənar şəxslərin bu təhsilə cəlb olunmasına yol verilmir.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə (F.Qədirov) həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 avqust 2010-cu il


Hiç yorum yok:

Yorum Gönder