Stereotiplər

“Peşəkar idmançılar qaradərili olur”, “ruslar spirtli içki düşkünüdür”... Bu cür fikirlər yəqin ki, heç kəsə yad deyil və buna misal olaraq yüzlərlə nümunə göstərmək olar. Mənfi və ya müsbət yanaşma olmasından asılı olmayaraq bunlar reallıq deyil, stereotipdir. Stereotiplərin təsiri altında biz insanlara ümumi yanaşırıq, bəzən bunun təsiri ilə bir insanın həyatını məhv edirik. Stereotipin təsiri altında bəzən insani hisslərimizi itiririk.Bir neçə ildir məişət zorakılığı və insan alverinin müxtəlif aspektlərinə yönəlmiş tədqiqatlar həyata keçiririk. Hər dəfə sorğunun anonimliyi haqqında məlumat verilir.
Bəs, necə olur ki, insanlar obyektivlikdən uzaq olur və verdikləri cavablar stereotiplərdən asılı olur?! Bəzən isə verdiyimiz suallara daha kəskin reaksiyalar bildirilir. Sanki bu suallarla respondentlər onları təhqir etdiyimiz izah etməyə çalışır. Əslində isə, adi demoqrafiq suallardan başlayaraq hər bir sual məqsədli, sistemli şəkildə hazırlanır və səmimi verilmiş hər cavab bu problemlərlə bağlı nə qədər cinayətin qarşısını ala bilər, zərərçəkmişlərə yardım etməyimizə kömək edə bilər, potensial zərərçəkmişin daha böyük bəlaya düşməsinin qarşısını ala bilər.Məişət zorakılığı ilə bağlı sorğularda ən çox rast gəlinən hal stereotiplərin daha çox qadınlara yönəlməsidir. Bir sorğuda ən gözlənilməz cavab o oldu ki, qadına qarşı yönələn zorakılığa səbəbdən asılı olaraq, qadınlar özləri də bəraət qazandırdı. Sual isə belə idi – “kişi qadını nə vaxt döyməkdə haqlıdır?”Hətta qadına qarşı zorakılıq ifadə edən atalar sözləri var ki, (“qızını döyməyən dizini döyər, “yaxşı at özünə qamçı vurdurmaz”) cəmiyyət tərəfindən dəstəklənir və istifadə edilir. Zorakılıqla rastlaşan qadınlar çox vaxt bu zorakılığa dözməyə məcbur olurlar. Belə ki, onlar valideynləri tərəfindən qəbul edilmir, iqtisadi baxımdan ərindən asılı vəziyyətdə olur, cəmiyyət boşanmış qadına heç də birmənalı münasibət bəsləmir və polisə müraciət etsələr qınaq obyekti olacaqlar. Ən sadə formada başlayan bu cür münasibətlər nəticədə qadına qarşı yönəlmiş cianyətə belə gətirib çıxarır. Cəmiyyətin faciəsinə çevrilən bu cür problemlərlə mübarizə aparanlar isə yenə də stereotiplərlə qarşılaşırlar. Onlara qarşı da münasibət birmənalı olmur. Hesab olunur ki, sonu cinayət belə olsa ailə daxilində baş verənləri kənar şəxslər bilməməlidir.
İnsan alveri ilə bağlı həyata keçirilən sorğu onu göstərdi ki, əslində cəmiyyətdə kifayət qədər potensial insan alveri qurbanı var, lakin insanlar bunu etiraf etməkdən çəkinir və ya özlərinə bu adı “yaraşdırmır”. Bunun tək səbəbi insanların cəmiyyətin qınağından çəkinməsi deyil, həm də insan alverinin nə olması barədə məlumatsız olmasıdır. Respondentlərinböyük hissəsi insan alverini sadəcə cinsi istismar kimi qiymətləndirmişlər. İnsan alverindən zərərçəkmiş kişilərin əksəriyyəti etiraf edir ki, zərərçəkmiş statusu aldıqdan sonra insan alverinin tək qadınların başına gəlmədiyini başa düşüblər. Hətta, orqanları transplantasiya olunmuş zərərçəkmiş reablitasiya prosesinə cəlb olunmağa çəkinir. Fikirləşir ki, insan alverindən zərərçəkmiş şəxs kimi hansısa bir quruma istiqamətləndirilsə, ona zərərçəkmiş deyil əxlaqsız kimi baxacaqlar. İnsan alveri əslində istənilən yaş və cins insanların başına gələ bilər və tək forması cinsi istismar deyil. “İnsan Alverinə Qarşı Mübarizə haqqında” ARQ-da məcburi əmək, köləlik, köləliyə bənzər adətlər, cinsi istismar, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlbetmə, habelə insanların digər formada istismar edilməsi insan alverinin formaları kimi qeyd olunub.
P.S. Sadəcə iki nümunəyə aid bəzi stereotipləri qeyd etdim. Halbuki istənilən qədər stereotip var ki, heç də cəmiyyət və insan həyatı üçün müsbət sonluqla nəticələnmir.
Bu stereotiplərlə mübarizədə, cəmiyyətdə bu münasibətləri dəyişməkdə hesab edirəm birinci özümüzdən başlamalıyıq.
Gülnar Rahib

Hiç yorum yok:

Yorum Gönder