Əlillərin sosial müdafiəsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında əlillər
barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi
və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla
bərabər imkanlar almasına, onların öz fərdi qabiliyyətlərinə və maraqlarına
müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin
yaradılmasına təminat verir.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əlillərin hüquqi vəziyyətinin əsasları
Azərbaycan Respublikasında əlillər BMT Baş
Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan
Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik
aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və
azadlıqlara malikdirlər.
Əlillər barəsində ayrı-seçkilik qadağandır və
qanunla təqib edilir.
M a d d ə 2. “Əlil” anlayışı
Fiziki və ya xəstəlikdən doğan qüsurlar
nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı
olan şəxs əlil sayılır.
Şəxsin həyat fəaliyyətinin məhdudlaşması onun
özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək
fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya qismən
itirməsində təzahür edir.
M a d d ə 3. Şəxsin əlil sayılması
Şəxs həkim-əmək ekspert komissiyası
tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması
yolu ilə əlil sayılır.
Həkim-əmək ekspert komissiyası haqqında
əsasnaməni, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair əsasnaməni
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Həkim-əmək ekspert komissiyasının rəyi
əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi
sənəddir.
Əlilə vəsiqə verilir. Vəsiqənin formasını
Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin ictimai təşkilatları ilə
razılaşdırmaqla təsdiq edir.
M a d d ə 4. Əlilliklə bağlı
tələbatın müəyyənləşdirilməsi
Əlilliklə bağlı tələbatın müəyyənləşdirilməsi
qaydası və şərtləri tibbi-sosial ekspertiza rəyinə əsasən və əlilin peşə və
məişət fəaliyyəti qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin zəruri
sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək bərpasına və
uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur.
M a d d ə 5. Əlilləri sosial müdafiə
fondu
Əlilləri sosial müdafiə işlərini (pensiya
təminatı istisna olmaqla) Azərbaycan Respublikasının əlilləri sosial müdafiə
fondu maliyyələşdirir.
Fond haqqında əsasnaməni Azərbaycan
Respublikasının Nazirlər Kabineti əlillərin respublika ictimai təşkilatlarının
rəyini nəzərə almaqla təsdiq edir.
Azərbaycan Respublikasının əlilləri sosial
müdafiə fondunun büdcəsi respublika büdcəsinin vəsaiti, təşkilatların, əmək
kollektivlərinin və vətəndaşların ianələri, başqa vəsait, o cümlədən fondun
qüvvədə olan qanunvericiliklə qadağan edilməmiş sahibkarlıq fəaliyyətindən əldə
olunan vəsaitlər hesabına formalaşdırılır.
Belə fondların vəsaiti bank idarələrində
xüsusi hesabda saxlanılır və geri alına bilməz.
M a d d ə 6. Əlillərin sosial müdafiəsini
təmin edən dövlət orqanları
Əlillərin sosial müdafiəsinin təmin olunması
sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının Sosial Təminat
Nazirliyi, Səhiyyə Nazirliyi, Xalq Təhsili Nazirliyi, Mədəniyyət Nazirliyi,
Dövlət Əmək və Sosial Məsələlər Komitəsi, Dövlət Bədən Tərbiyəsi və İdman
Komitəsi və Azərbaycan Respublikasının yerli hakimiyyət orqanları həyata
keçirirlər.
Əlillərin respublika ictimai təşkilatlarının
nümayəndələri Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin və Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin kollegiya üzvü olurlar.
Azərbaycan Respublikasının Sosial Təminat
Nazirliyi başqa nazirliklər və baş idarələr, yerli hakimiyyət orqanları,
əlillərin ictimai təşkilatları ilə birlikdə əlillər barəsində dövlət
siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları
işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.
Azərbaycan Respublikasının Sosial Təminat
Nazirliyi və əlillərin ictimai təşkilatları əlillərin sosial müdafiə və digər problemlərinə
dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verirlər. Dövlət
əlillərin sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə
əməkdaşlığının inkişafına kömək göstərir.
Maddə 7. Əlillərin sosial müdafiəsinə
dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və
təşkilatların iştirakı
Müəssisələr, idarələr və təşkilatlar
əlillərin problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak
edirlər.
Əlillərin sosial təminatını yaxşılaşdırmaq
məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların
həyatının sığortası və bədbəxt hadisələrdən sığortası təmin edilir.
Müəssisələrin, idarələrin və təşkilatların
əlillər üçün mallar istehsal etməyə və onlara xidmət göstərməyə, habelə əlillər
üçün sosial-mədəni obyektlərə və idman qurğularına avadanlıq almağa, bunları
saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün növlərindən
azad edilir.
Əlillərdən ötrü texniki və başqa vasitələr
istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar və kooperativlər üçün
Azərbaycan Respublikasının qanunvericiliyi, habelə yerli hakimiyyət
orqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər
təyin edilir.
Maddə 8. Əlillərin
hüquq, azadlıq və qanuni mənafelərinin qorunması
Azərbaycan Respublikasında əlillərin hüquq,
azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda
müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.
Respublika vətəndaşı onun əlil
sayılıb-sayılmaması haqqında həkim-əmək ekspert komissiyasının qərarından
Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyinə, habelə rayon (şəhər)
xalq məhkəməsinə şikayət edə bilər.
Əlillərin bu Qanunla müəyyən edilmiş
hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar
qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati
və cinayət məsuliyyəti daşıyırlar.
II. ƏLİLLİYİN QARŞISININ ALINMASI VƏ TİBBİ
BƏRPA
Maddə 9. Əlilliyin qarşısının
alınması
Əlilliyin qarşısının alınması irsi xəstəliklərin
aradan qaldırılmasına, əhalinin sağlam həyat tərzi, ekoloji təhlükəsizlik,
zərərsiz əmək şəraiti, səmərəli qida maddələri ilə təmin olunmasına, xəstələrin
vaxtında müalicəsinə yönəldilmiş kompleks tədbirləri özündə birləşdirir.
Əlilliyin qarşısının alınması üzrə tədbirlər
sistemini respublikanın səhiyyə orqanları hazırlayırlar. həmin tədbirləri
müəssisələr, idarələr və təşkilatlar səhiyyə müəssisələri və həm-karlar
təşkilatları ilə birlikdə həyata keçirirlər.
Maddə 10.
Müəssisələr, idarələr və təşkilatlar tərəfindən orada işləyən vətəndaşların
təhlükəsiz əmək şəraiti ilə təmin olunması
Mülkiyyət və təsərrüfatçılıq formalarından
asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar orada işləyən bütün
vətəndaşları təhlükəsiz əmək şəraiti ilə təmin edir və onların əmək
qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına yetirilmiş ziyana görə
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır, müalicə və bərpa xərclərini öz
öhdəsinə götürür.
Maddə 11. Tibbi
bərpa
Tibbi bərpa—əlilliyə gətirib
çıxaran xəstəliyin, fəsadların qarşısını almaq məqsədilə müxtəlif
xəstəliklərin, xəsarətlərin, fiziki, əqli və başqa qüsurların müalicəsinə
yönəldilmiş tədbirlər sistemidir.
Tibbi bərpanı tibbi-sanitariya xidməti və
ixtisaslaşdırılmış bərpa mərkəzləri həyata keçirirlər.
Maddə 12.
Tibbi-peşə bərpası
Tibbi-peşə bərpası əlilin yenidən əvvəlki,
yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədilə zəifləmiş, yaxud
itirilmiş funksiyasının bərpasına, peşə seçilməsinə və əlilin yeni peşəyə
uyğunlaşdırılmasına yönəldilmişdir.
Maddə 13.
Əlillərin fərdi bərpa proqramı
Əlillərin tibbi, peşə və sosial bərpası
dövlət orqanları və əlillərin ictimai təşkilatları nümayəndələrinin iştirakı
ilə tibbi-sosial ekspertizanın rəyi əsasında müəyyənləşdirilmiş fərdi bərpa
proqramı üzrə həyata keçirilir.
Əlillərin fərdi bərpa proqramı bərpa
tədbirlərinin, eyni zamanda sosial yardımın növlərinin konkret həcmini, növünü
və keçirilmə müddətini müəyyən edir.
Fərdi bərpa proqramı elə bir sənəddir ki,
müvafiq dövlət orqanları, eyni zamanda mülkiyyət və təsərrüfatçılıq
formalarından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar tərəfindən
hökmən icra edilməlidir.
Maddə 14. Əlillərə tibbi
xidmət
Əlillərə dövlət tibb müəssisələrində büdcə
vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmət göstərilməsinə zəmanət verilir.
Əlillər Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada
ambulator-poliklinika müəssisələrində və apteklərdə müstəsna xidmətdən istifadə
etmək, eyni zamanda sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq
hüququna malikdirlər.
III. ƏLİLLƏRİN TƏRBİYƏSİ, TƏHSİLİ VƏ PEŞƏ
HAZIRLIĞI
Maddə 15. Əlillərin təhsil alması və
peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi
Dövlət əlillərin təhsil alması və peşə
hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
Xalq təhsili orqanları sosial təminat və
səhiyyə orqanları ilə birlikdə əlil uşaqların və yeniyetmələrin məktəbəqədər
təlim-tərbiyəsini, dərsdənkənar vaxtlarda tərbiyəsini, fərdi bərpa proqramına
uyğun surətdə orta, texniki-peşə, orta ixtisas və ali təhsil almasını
Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin
edirlər.
Əlillərin təhsili və peşə hazırlığı müxtəlif
formalarda, o cümlədən evdə tədris formasında və fərdi dərs planları üzrə həyata
keçirilir.
Dövlət əlillərin təlim və peşə hazırlığı üçün
xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.
Maddə 16. Məktəbəqədər yaşlı
əlil uşaqların təlim və tərbiyəsi
Xalq təhsili orqanları məktəbəqədər yaşlı
əlil uşaqların təlim-tərbiyəsinə və onlara bərpa yardımı göstərilməsinə daha
əlverişli imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə
müəssisələrində xüsusi qrupların açılmasına şərait yaradırlar.
Əqli və ya fiziki inkişafındakı qüsurlara
görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan
olmayan əlil uşaqlar üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil
edilir.
Maddə 17. Məktəb yaşlı əlil uşaqların
evdə təhsili
Ümumtəhsil məktəblərində oxumaq imkanı
olmayan əlil uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev
şəraitində təşkil edilir. Xalq təhsili orqanları əlil uşaqların evdə təhsil
almasına hərtərəfli şərait yaradırlar.
Evdə təhsilə cəlb edilmiş əlil uşağın
valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə maddi təminat və
güzəştlər verilir. Belə əlilə qulluq vaxtı əmək stajına daxil edilir.
Müvafiq təlim-tərbiyə müəssisəsi əlil
uşaqlara evdə təlim verilməsində valideynlərə kömək göstərir.
Maddə 18. Əlil uşaqların
məktəbdənkənar tərbiyəsi
Əlil uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai
fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək
məqsədilə təhsil orqanları, digər dövlət orqanları əlil uşaqların
məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraiti təmin etməlidirlər.
Maddə 19. Əlillərin orta, orta ixtisas və
ali təhsili
Əlillərin orta, orta ixtisas və ali təhsili
ümumi tipli tədris müəssisələrində, zərurət olduqda isə xüsusi tədris
müəssisələrində həyata keçirilir.
Əlillərin təhsili üçün xüsusi şəraitin təmin
edilməsi məqsədilə texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin
əlillər üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir.
Stasionar müalicə-profilaktika və ya bərpa
müəssisələrində müalicə kursu keçən əlil uşaqlar üçün də dərs məşğələləri
təşkil edilir.
İstedadlı əlil uşaqların ümumi tədris
müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz
musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ
vardır.
Əlillərin qəbul imtahanları verməsi üçün
lazımi şərait yaradılır.
Qəbul imtahanlarını müsbət verən əlillər ali
və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna
malikdirlər.
Təhsil dövründə pensiyalar və təqaüdlər tam
məbləğdə ödənilir.
I və II qrup əlil tələbələrə aldıqları
təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.
Dövlət əlil - gənc mütəxəssislərin öz
ixtisasları üzrə işə düzəlməsini təmin edir.
Tədris müəssisəsini bitirdikdən sonra əlillərə
iş yeri seçməkdə üstünlük verilir.
Tədris müəssisəsini bitirdikdən sonra bölgü
üzrə göndərilmiş əlili işə qəbul etməkdən imtina etdikdə, ona ixtisası üzrə iş
vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə əməl etmədikdə
müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə
gəlmək və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda
müşayiətçinin yol xərclərini ödəyir.
Maddə 20. Stasionar müəssisələrdə
əlil uşaqların təlim-tərbiyəsi
Stasionar müəssisələr orada daim qalan əlil
uşaqların sosial-məişət və əmək uyğunlaşması ilə üzvi əlaqə şəraitində onların
fasiləsiz təlim-tərbiyəsini təmin edir.
Maddə 21. Əlillərin peşə hazırlığı və
ixtisasının artırılması
Əlillərin peşə hazırlığı və ixtisasının
artırılması fərdi bərpa proqramına uyğun olaraq təhsil ocaqlarında,
müəssisələrdə və təşkilatlarda. (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə
sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə
təmin edilir.
Görməyən və zəif görən uşaqlar Brayl yazı
sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə,
xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər
tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi məktəblər və
səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.
Peşə hazırlığı və ixtisasartırma dövründə
əlillərin maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilən qaydada və şərtlərlə həyata keçirilir.
Maddə 22. Şəxslərarası ünsiyyət
vasitələri
Dövlət hərəkətlər dilini şəxslərarası
ünsiyyət, təlim və tərcümə xidmətləri göstərmək vasitəsi kimi təsdiq edir.
Görmə qüsurları olan şəxslər Brayl sistemi
üzrə təlimlə, audiovasitələr və iri şriftlə təmin edilirlər.
Əqli qüsurları olan şəxslərə dilin asan başa
düşülməsinin öyrədilməsi sistemi təşkil edilir.
Nitq qüsurları olan şəxslərə müasir texniki
ünsiyyət vasitələri verilir.
IV. ƏLİLLƏRİN İŞƏ DÜZƏLDİLMƏSİ
Maddə 23. Əlillərin işə düzəldilməsi
sahəsində xüsusi tədbirlər
Əlillərin işə düzəldilməsi sahəsində xüsusi
tədbirlər əlillərin işə düzəldilməsinin təmin olunmasına və əlillər üçün xüsusi
iş yerləri yaradan, onların əməyini tətbiq edən müəssisələrə, idarələrə və
təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək
və güzəştlər vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə
yönəldilən tədbirlər kompleksindən ibarətdir.
Maddə 24. Əlillərin əmək
hüququnun həyata keçirilməsi
Əlillərin yaradıcılıq və istehsal
qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi bərpa proqramları nəzərə
alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və
təşkilatlarda, əlillərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə,
sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan
edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.
Həkim-əmək
ekspert komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə
yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi
üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə
əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina
edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı
olmadan başqa işə keçirilməsinə yol verilmir.
Müvafiq müəssisələrdə tibbi, peşə və sosial
bərpa keçən şəxsin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq
müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.
Maddə 25. Əlillərin məşğulluğunun təmin
edilməsi
Yerli hakimiyyət orqanları, müəssisələr
(birliklər), idarələr və təşkilatlar, Sosial Təminat Nazirliyinin orqanları
əlillərin ictimai təşkilatları ilə birlikdə əlillərin əməyi üçün müəssisələr və
təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməklə və
başqa tədbirlər görməklə əlillərə məşğulluq sahəsində təminat verirlər.
Əlillər cəmiyyətlərinin həmkarlar ittifaqları
və sosial təminat orqanları ilə birlikdə əlillər üçün iş yerləri yaradılması,
müəssisə və təşkilatlarda iş yerləri üzrə kvota müəyyən edilməsi barədə
təklifləri yerli hakimiyyət orqanları təsdiq edirlər.
Əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan
kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr,
idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, ilin
yekunlarına görə mənfəətlərindən Azərbaycan Respublikasının əlilləri sosial
müdafiə fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün
respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 3 misli məbləğində vəsait
köçürürlər.
Yaradılmış və kvota müəyyən edilmiş iş
yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin
yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə
verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq
kvota müəyyənləşdirilmiş bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul
edilməlidir.
Yerli hakimiyyət orqanlarının əlillər üçün
müəssisələrdə və təşkilatlarda kvota təyin etməsi üçün işçilərin sayı və
kvotanın miqdarı, vergi və maliyyə güzəştləri, işədüzəltmə üzrə tapşırıqların
yerinə yetirilməsində müəssisə və təşkilatların məsuliyyəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 26. İşverənlərin əmək
qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi
Müəssisələr, idarələr, təşkilatlar,
kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt
hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş,
bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa
və ya yenilərini təşkil etməyə borcludurlar.
Göstərilən tələbi yerinə yetirmədikdə onlar
bu işçi ilə əmək müqaviləsini (bağlaşmasını) ləğv edərkən əlilləri sosial
müdafiə fonduna həmin işçinin on illik əmək haqqı məbləğində vəsait
köçürməlidirlər.
Maddə 27. Əlillərin
əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələrin, sexlərin və sahələrin
yaradılması
Müvafiq işədüzəltmə orqanları, habelə
mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və
təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla
əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və
sahələr yaradırlar.
Maddə 28. Əlillərin əməyini tətbiq
edən müəssisələr üçün üstünlüklər və güzəştlər
İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən
ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və
maddi-texniki təminat hüququna malikdirlər. Belə müəssisələrə, idarələrə və
təşkilatlara mənfəət vergisinin 50 faizi məbləğində güzəşt verilir.
İşləyənlərin ümumi sayının (əvəzçilik üzrə
işləyənlər nəzərə alınmadan) azı 50 faizinin əlillərdən ibarət olduğu müəssisə,
idarə və təşkilat mənfəət vergisindən azad edilir.
Əlillərin əməyini tətbiq və təmin edən
müəssisələrdən, idarələrdən və təşkilatlardan güzəştli vergi tutulmasının,
onların maliyyələşdirilməsinin və maddi-texniki təminatının qaydası və şərtləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Müəyyən çeşiddə məhsulların əlillərin ictimai
təşkilatlarının müəssisələrində istehsal olunmasına müstəsna üstünlük verilir.
Mülkiyyət növündən asılı olmayaraq başqa idarələrin, müəssisələrin,
təşkilatların və kooperativlərin həmin məhsulları istehsal etməsinə icazə
verilmir, Nazirlər Kabineti əlillərin ictimai təşkilatlarının rəyini nəzərə
alaraq belə məhsulların siyahısını müəyyənləşdirib təsdiq edir.
Maddə 29. Əlillərin əmək şəraiti
Müəssisələrdə, idarələrdə və təşkilatlarda
işləyən əlillər üçün fərdi bərpa proqramına müvafiq surətdə lazımi iş şəraiti
yaradılır.
Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən
edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik
və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin vəziyyətini
pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz.
Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı
var ki, əlillərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və
əməyini artırılmış qiymətlərlə ödəsin.
Əlillərin iş vaxtından artıq işlərə,
istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların
razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan
edilməsin.
Əlillərə (əlillik qruplarından və
səbəblərindən asılı olmayaraq) illik məzuniyyətlər mövcud qanunvericiliklə
müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir.
Əlillərə (əlillik qruplarından və
səbəblərindən asılı olma-yaraq) azı bir təqvim ayı müddətində ödənişsiz
məzuniyyət verilir.
I və II qrup əlillər üçün həftədə 36 saatdan
çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.
İşə qəbul zamanı əlillər üçün sınaq müəyyən
edilmir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi bərabər
olduqda əlillərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır.
Əmək vəzifələrini yerinə yetirərkən xəsarət
alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup
əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
Maddə 30. Əlillərin evdə əməyi və
sahibkarlıq fəaliyyəti
Yerli hakimiyyət orqanları qeyri-yaşayış
otaqlarını vermək, habelə xammal əldə edilməsində və məHsulun satışında kömək
göstərmək yolu ilə əlillərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili
üçün lazımi şərait yaradırlar.
V. SOSİAL İNFRASTRUKTURUN ƏLİLLƏRƏ MANEƏSİZ
MÜYƏSSƏR OLMASI ÜÇÜN ŞƏRAİT YARADILMASI
Maddə 31. Sosial infrastruktur
obyektləri barəsində dövlət siyasəti
Azərbaycan Respublikasının dövlət
hakimiyyəti və idarəetmə orqanları, müəssisələri (birlikləri), idarələri və
təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq)
sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının
və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və
nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən,
istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi
şəraiti təmin edirlər.
Maddə 32. Sosial infrastruktur
obyektlərinin layihələşdirilməsi və tikintisi zamanı əlillərin tələbatının
nəzərə alınması
Əlillərin müyəssər olması və istifadə etməsi
üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə,
tikilməsinə, yaşayış rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o
cümlədən aeroportların, dəmir yolu vağzallarının, komplekslərinin və
kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına yol verilmir. Bu
məsələlərin həllində əlillərin ictimai təşkilatlarının iştirakı və razılığı
olmalıdır.
Maddə 33. İstifadədə
olan sosial infrastruktur obyektlərinin əlillərin istifadəsi üçün
uyğunlaşdırılması
İcra hakimiyyəti orqanları, nazirliklər,
dövlət komitələri, baş idarələr, müəssisələr və təşkilatlar tabeliklərində olan
nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur
qurğularını və obyektlərini öz vəsaitləri hesabına əlillərin istifadəsi üçün
uyğunlaşdırırlar.
Göstərilən obyektləri əlillərə müyəssər olmaq
üçün uyğunlaşdırmaq mümkün olmadıqda, müvafiq müəssisələr, idarələr və
təşkilatlar əlillərin tələbatının ödənilməsini təmin edən lazımi tədbirlər
hazırlayıb həyata keçirməlidirlər.
Maddə 34. Yaşayış
binalarının əlillərin müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılması
Əlillərin və ya tərkibində əlil olan
ailələrin yaşadıqları binalar, əlillərin yaşadıqları evlərin kiriş qapıları,
pilləkən meydançaları fərdi bərpa proqramına uyğun olaraq xüsusi vasitələr və
qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir.
Yaşayış binalarının
əlillər üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini
mənzil fondu ixtiyarında olan yerli hakimiyyət orqanları, müəssisələr, idarələr
və təşkilatlar həyata keçirirlər.
Əlillərin yaşadıqları fərdi evlərin onlar
üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin
başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda
isə müvafiq yerli hakimiyyət orqanları həyata keçirirlər.
Əlilin mənzili müəyyən edilmiş tələblərə
uyğun gəlmədikdə və mənzili əlilin tələbatına uyğunlaşdırmaq mümkün olmadıqda,
yaşayış sahəsi onun pazılığı və tələbi ilə dəyişdirilir.
Yerli hakimiyyət orqanları dayaq-hərəkət
sistemi pozulmuş və digər I qrup əlillərə öz yaşayış yerlərinin yaxınlığında
qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.
Maddə 35. Mədəni-tamaşa
müəssisələrinin və idman qurğularının əlillərə
müyəssər olmasının təmin edilməsi
Yerli hakimiyyət və idarəetmə orqanları
mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə müyəssər olması
üçün lazımi şəraiti təmin etməyə, habelə onlara xüsusi idman inventarı
verilməsini təmin etməyə borcludurlar.
Əlillər göstərilən xidmətlərdən Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə
istifadə edirlər.
Maddə 36. Əlillərin rabitə vasitələri
ilə təmin edilməsi
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində,
Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə
zamanı əlil olanların, müharibə əlillərinin, onlarla bərabər tutulanların,
Çernobıl əlillərinin, digər kateqoriyalardan olan 1 və II qrup əlillərin
növbədənkənar telefon çəkdirmək hüququ vardır.
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində,
Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə
zamanı əlil olanlara, müharibə əlillərinə, onlara bərabər tutulanlara, Çernobıl
əlillərinə və I qrup işləməyən əlillərə telefon pulsuz, digər kateqoriyalardan
olan I və II qrup əlillərə 50 faiz güzəştlə çəkilir. Bu bənddə göstərilən
kateqoriyadan olan bütün əlillər telefondan istifadə haqqının 50 faizini
ödəyirlər.
I qrup əlillər radio xətlərindən pulsuz
istifadə edirlər. I və II qrup gözdən şikəst əlillər 4 kq. qədər bağlamaları
(banderolları) respublika daxilində və xaricə pulsuz göndərirlər.
Əlillərin ictimai təşkilatlarının qəzet və
jurnalları pulsuz yayılır.
Maddə 37. Əlillərin
sosial infrastruktura müyəssərliyinin təmin edilməməsinə görə
məsuliyyət
İdarələr və təşkilatlar sosial obyektlərin
əlillərə müyəssərliyini təmin etmədikdə Azərbaycan Respublikasının əlilləri
sosial müdafiə fondunun hesabına obyektin əlillərə uyğunlaşdırılmasına tələb
edilən məbləğin 20 faizi məbləğində çərimə köçürürlər.
Cəriməni ödəmiş müəssisələr və təşkilatlar
sosial infrastruktur obyektlərinin əlillərə uyğunlaşdırılması vəzifəsindən azad
edilmirlər.
VI. ƏLİLLƏRİN MADDİ, SOSİAL-MƏİŞƏT VƏ TİBBİ
TƏMİNATI
Maddə 38. Əlillərə sosial yardımın
növləri
Əlillərin maddi, sosial-məişət və tibbi
təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər)
verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər
ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər,
səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial,
əmək və peşə bərpası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət
xidməti göstərilməsi yolu ilə hə: yata keçirilir.
Maddə 39. Sosial yardımın
növünün müəyyən edilməsi
Əlillərə lazımi maddi, sosial-məişət və tibbi
yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi bərpa proqramında
müəyyən edirlər. Yardım Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının
və əlilləri sosial müdafiə fondunun vəsaiti hesabına göstərilir.
Maddə 40. Əlilə texniki və digər
bərpa vasitəsi verilməsi
Əlilə texniki və ya başqa vasitə fərdi bərpa proqramına
uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə verilir.
Bərpa proqramında nəzərdə tutulan texniki və
ya başqa vasitələr əlilə verilmədikdə, Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş qaydada ona kompensasiya ödənilir.
Fərdi bərpa Proqramına uyğun olaraq pulsuz və
ya güzəştli şərtlərlə nəqliyyat vasitələri almış əlillərə bu vasitələrə texniki
xidmət və onların təmiri üçün Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada kompensasiya ödənilir.
Maddə 41. Əlillərə nəqliyyat
xidməti
Müharibə əlilləri və onlara bərabər tutulan
şəxslər ildə bir dəfə Azərbaycan Respublikasının hüdudları daxilində hava,
dəmiryol və su nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdirlər.
I və II qrup əlillər respublikadaxili (şəhərlərarası)
bütün nəqliyyat növlərindən (taksidən başqa) 50 faiz güzəştlə istifadə edirlər.
Əlillər şəhərdaxili və şəhərətrafı
nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə edirlər.
Göstərilən güzəştlər I qrup əlili,
habelə əlil uşağı müşayiət edən şəxsə də şamil edilir.
Əlillərə növbədənkənar xidmət göstərilir.
Maddə 42. Dərman preparatları və
protezlər ilə təminat
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində,
Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə
zamanı əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobıl
əlilləri, əlil uşaqlar və I dərəcəli əlillər dərman preparatları ilə pulsuz
təmin edilirlər. İkinci dərəcəli əlillərə dərman preparatları 50 faiz güzəştlə
satılır.
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində,
Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə
zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda
xidmətlə əlaqədar əlil olmuş şəxslər və I qrup əlillər üçün diş protezləri
(qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanır
və pulsuz təmir olunur.
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində,
Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə
zamanı əlil olanlar, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil
tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyən şəxslər, hərbi
xidmət əlilləri, büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda işləyən
əlillər protez-ortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa
vasitələri ilə pulsuz təmin edilirlər.
Əlillər eşitmə və tiflotexniki vasitələr ilə
pulsuz təmin edilirlər.
Maddə 43. Əlillərə mənzil-məişət
xidməti
Əlillər dövlətin hesabına mənzillə təmin
edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir.
Fərdi bərpa proqramına uyğun olaraq əlillər
binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan
digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.
I və II qrup əlillərə yaşadıqları dövlət və
ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə
keçirmək hüququ verilir.
Mənzil bölgüsü zamanı yerli hakimiyyət
orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin iş Yerlərinin,
qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər
ayrılmasına olan tələbatı nəzərə alırlar.
Tibbi göstərişlərə və arzularına uyğun olaraq
əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya
dəyişdirilir).
Əlillərə verilən mənzillər əlillərin səhhəti
nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun kəlməlidir.
Əlillərin mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara
mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi
ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər ailədə adambaşına 9 kvadratmetr və
daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.
I və II qrup əlillər mənzil-kommunal
xidmətləri haqqının 50 faizini, III qrup əlillər isə 75 faizini ödəyirlər.
Müharibə əlilləri, onlara bərabər tutulanlar və I qrup işləməyən əlillər ev
kirayəsi verməkdən azaddırlar.
Maddə 44. Əlillərin ərzaq və sənaye
malları ilə təmin edilməsi
Əlillər ərzaq və sənaye malları ilə güzəştli
qaydada təmin edilmək hüququna malikdirlər.
Bu məqsədlə dövlət əlillərə ərzaq və sənaye
mallarının satışı üzrə xüsusi mağazalar, bölmələr, şöbələr yaradır, yüksək
tələbat olan malların alınması üçün sifariş stolları, xüsusi uçot təşkil edir.
Ərzaq və sənaye mallarının bir hissəsini
dövlət güzəştli şərtlərlə əlillərə satılmaq üçün məqsədli təyinatı üzrə
yönəldir.
Əlillərin ictimai təşkilatlarının vəsatətləri
üzrə yerli hakimiyyət orqanları pərakəndə ticarət şəbəkəsi vasitəsilə
təsərrüfat, mədəni-məişət, turist və idman malları almaqda əlillərə kömək
göstərirlər.
Ərzaq və sənaye malları ilə güzəştli qaydada
təmin edilmək hüququna malik olan əlillərin xəstəliklərinin siyahısını
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Maddə 45. Evdə xidmət
Kənardan qulluğa və yardıma ehtiyacı olan
əlillərə sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və
məişət xidmətləri göstərirlər.
Dövlət kənardan qulluğa ehtiyacı olan
əlillərə sosial yardım üzrə stasionar müəssisələr şəbəkəsinin inkişafına kömək
göstərir.
Qohumluq münasibətindən asılı olmayaraq I
qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq) qulluq edən şəxsin bu qulluq
müddəti onun ümumi əmək stajına daxil edilir.
Maddə 46. İnternat evlərdə və digər
stasionar sosial yardım müəssisələrində olan əlillərin hüquqları
Əlillərin internat evdə və ya digər stasionar
sosial yardım müəssisəsində olmasının şərtləri onların öz hüquqlarını və qanuni
mənafelərini həyata keçirməsi imkanını təmin edir və şəxsiyyətin tələbatının
maksimum ödənilməsinə kömək göstərir.
Bərpa tədbirləri nəticəsində əlilin internat
evdə və ya başqa stasionar sosial yardım müəssisəsində olması zərurətinin
aradan qalxdığı halda yerli dövlət hakimiyyəti orqanı bu Qanunun 34-cü və 43-cü
maddələrinin tələblərinə uyğun olaraq ona abad yaşayış sahəsi verir.
Valideynləri olmayan və ya valideynləri
valideynlik hüquqlarından məhrum edilmiş, dövlət və ya başqa sosial
müəssisələrdə yaşayan əlil uşaqlar yetkinlik yaşına çatdıqda tibbi-sosial
ekspertiza rəyinə görə özlərinə xidmət edə bilərsə və müstəqil yaşaya bilərsə,
növbədənkənar mənzil almaq və onu abadlaşdırmaqdan ötrü maddi yardım almaq
hüququna malikdirlər.
Əlillər üçün internat evlərdə
(pansionatlarda) yaşayan tənha pensiyaçıların pensiyası ilə internat evdə
(pansionatda) saxlanma dəyəri arasında fərq təyin edilmiş pensiyanın 25
faizindən və yaşa görə minimum pensiyanın 20 faizindən az olmayaraq ödənilir.
Əlillər üçün internat evdə (pansionatda)
yaşayan pensiyaçının öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olduqda
pensiya aşağıdakı qaydada ödənilməlidir: pensiyanın 25 faizi, lakin yaşa görə
minimum pensiyanın 20 faizindən az olmayaraq pensiyaçının özünə, qalan hissəsi
isə təyin edilmiş məbləğin 50 faizindən çox olmayaraq göstərilən ailə
üzvlərinə.
Əmək və istirahət evində yaşayan gənc
əlillərin pensiyası tam məbləğdə ödənilir.
Maddə 47. Əlillərin
həyatının yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul olunmasında
yerli hakimiyyət orqanlarının səlahiyyəti
Yerli hakimiyyət orqanları müvafiq büdcələrin
vəsaiti hesabına və özlərinin səlahiyyəti daxilində əlillərin dövlət
pensiyalarının bütün növləri üzərinə əlavə haqlar, onlara tibbi xidmət, yaşayış
sahəsinin, kommunal xidmətlərin haqqını, ictimai nəqliyyatda gediş-gəliş
haqqını ödəməkdə güzəştlər, fərdi hərəkət vasitələrinin, yanacağın, yeyinti məhsullarının,
paltarın, ayaqqabının və əlillər üçün zəruri olan digər malların dəyərini
ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının
ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar
qəbul edə bilərlər.
Maddə 48. Əlillərin
yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən qərarların qəbul
olunmasında əmək kollektivlərinin səlahiyyəti
Pensiyaya çıxanadək müəssisədə, idarədə,
təşkilatda işləmiş əlillər onun işçiləri ilə bərabər tibbi xidmət, mənzil təminatı,
sağlamlıq və profilaktika müəssisələrinə putyovkalar almaq sahə-sində mövcud
imkanlardan istifadə etmək, habelə kollektivin ümumi yığıncağının
(konfransının) qərarı ilə həm də başqa sosial xidmətlərdən və güzəştlərdən
istifadə etmək hüququnu saxlayırlar.
Mülkiyyət və təsərrüfatçılıq formalarından
asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların ixtiyarı var ki,
kənardan yardıma və qulluğa ehtiyacı olan əlillərin, xüsusən tək əlillərin
pensiyaları üzərinə öz vəsaitləri hesabına üstəlik və əlavə haqlar müəyyən
etsinlər, habelə bu Qanunda nəzərdə tutulan başqa güzəştləri versinlər.
Maddə 49. Sosial yardımın
maliyyələşdirilməsi mənbələri
Sosial yardım respublika və yerli büdcələrin,
pensiya fondunun, sosial sığorta fondunun vəsaiti, eləcə də əlilləri sosial
müdafiə fonduna müəssisələrin, təşkilatların və vətəndaşların cərimələri və
könüllü verdikləri ianə hesabına göstərilir.
VII. ƏLİLLƏRİN İCTİMAİ TƏŞKİLATLARI
Maddə 50. Əlillərin ictimai
təşkilatlarının yaradılması
Öz hüquqlarını və mənafelərini qorumaq,
qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlillər-və onları təmsil edən
şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən
qaydada ictimai təşkilatlar, o cümlədən müxtəlif fondlar yaratmaq hüququna
malikdirlər.
Əlillərin ictimai təşkilatlarının
yaradılması, fəaliyyəti və ləğv edilməsi qaydası ictimai təşkilatlar haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi, bu təşkilatların müəyyən edilmiş
qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir.
Maddə 51. Dövlət və əlillərin
ictimai təşkilatları
Dövlət əlillərin ictimai təşkilatlarının
hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan
Respublikasının Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə
vəzifələrini yerinə yetirməsi üçün şərait yaradılmasına təminat verir, onlara
hərtərəfli yardım göstərir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin ictimai
təşkilatlarının fəaliyyətinə dövlət orqanlarının" və vəzifəli şəxslərin
qarışmasına yol verilmir.
Əlillərin, ictimai təşkilatlarının mənafeyinə
toxunan məsələləri qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət orqanları
və təsərrüfat təşkilatları əlillərin müvafiq ictimai təşkilatlarının iştirakı
və ya razılığı ilə həll edirlər.
Özlərinin respublika orqanlarının şəxsində
əlillərin ictimai təşkilatları Azərbaycan Respublikasının Ali Sovetində
qanunvericilik təşəbbüsü hüququna malikdirlər.
Mətbuat, radio və televiziya əlillərin
həyatından bəhs edən xüsusi rubrika hazırlayır. Dövlət əlillər cəmiyyətlərinin
mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.
Əlillərin ictimai təşkilatlarının yerli
orqanları, habelə onların müəssisələrinin (birliklərinin), idarələrinin və
təşkilatlarının əmək kollektivləri əlillərin sosial müdafiəsi məsələləri
barəsində yerli hakimiyyət orqanlarına təkliflər verə bilərlər.
Maddə 52. Əlillərin ictimai
təşkilatlarından vergi tutulması
Əlillərin ictimai təşkilatları pensiya və
sosial sığorta fonduna ayırmalardan azad olunurlar.
Əlillərin ictimai təşkilatları yanında təşkil
olunmuş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və
başqa istehsalat obyektləri işçilərinin neçə faizinin əlil olmasından
asılı olmayaraq yarandığı vaxtdan 5 il ərzində hər cür vergi və
rüsumlardan, o cümlədən pensiya fonduna və sosial
sığorta fonduna ayırmalardan azad edilirlər.
Əlillərin ictimai təşkilatlarının
müəssisələrində, idarələrində və təşkilatlarında sənaye-istehsal heyəti sayının
azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən
sonra da mənfəət vergisindən və dövlət büdcəsinə keçirilən rüsumlardan, o
cümlədən pensiya fonduna və sosial sığorta fonduna ayırmalardan azad olunurlar.
Əldə edilən gəlir bu cəmiyyətlərin
maddi-texniki bazasının inkişafına və möhkəmləndirilməsinə, əlillərin sosial
ehtiyaclarının ödənilməsinə yönəldilir.
Əlillərin ictimai təşkilatları
mədəni-kütləvi, idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən
binalar üçün icarə haqqını, rabitə və kommunal xidmətini ödəməkdən azad
edilirlər.
Maddə 53. Əlillərin ictimai təşkilatlarının
iqtisadi fəaliyyəti üçün şərait yaradılması
Əlillərin müəssisələrinin və ictimai
təşkilatlarının maddi-texniki təminatı mərkəzləşdirilmiş respublika
ehtiyatlarından həyata keçirilir.
Əlillərin bərpası üçün nəzərdə tutulan
müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə
daxildir və maddi-texniki ehtiyatlarla birinci növbədə təmin edilir.
Əlillər üçün obyektlər tikintisi
maliyyələşdirmə mənbələrindən asılı olmayaraq dövlət sifarişi tikintilərinin
siyahısına daxil edilir.
Maddə 54. Əlillərin ictimai
təşkilatlarının vəsaiti hesabına tikilmiş yaşayış sahəsinin bölgüsü
Əlillərin ictimai təşkilatlarının öz vəsaiti
hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların
daimi mülkiyyəti olaraq geri alına bilməz və Azərbaycan
Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq əlillərin ictimai
təşkilatlarının təkliflərinə əsasən bölüşdürülür.
Əlillərin ictimai təşkilatları mənzil
tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının
inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış
sahələrinin bir qismini yerli hakimiyyət orqanlarına və başqa təşkilatlara
verməkdən azad edilirlər.
Maddə 55. Əlillərin ictimai
təşkilatlarının beynəlxalq əlaqələri
Əlillərin ictimai təşkilatları öz
nizamnamələrinə müvafiq surətdə beynəlxalq (qeyri-hökumət) birliklərə daxil ola
bilər, bir-başa beynəlxalq əlaqələr saxlaya bilər, müvafiq sazişlər bağlaya
bilərlər.
Dövlət orqanları əlillərin bərpası, mədəni
əlaqələrin, turizmin və idmanın, o cümlədən əlillər arasında keçirilən
olimpiya, para-olimpiya, xoş məramlı və başqa beynəlxalq yarışların
genişləndirilməsi məsələlərində beynəlxalq təşkilatların və xarici ölkələrin
oxşar ictimai birləşmələri ilə əməkdaşlıq yaratmaqda və onu inkişaf etdirməkdə
əlillərin ictimai təşkilatlarına kömək edir, o cümlədən maliyyə yardımı
göstərir.
Əlillər təşkilatlarının nümayəndə heyətinin
xarici ölkələrə gedib-gəlmək üçün nəqliyyat vasitələrindən istifadəsi və xarici
qonaqların respublika ərazisində mehmanxanalarda yerləşdirilməsi respublikada
tədavüldə olan pul vahidi ilə ödənilir.
Əlillər təşkilatları beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və
başqa dövlət rüsumlarından azad edilir və əldə edilmiş gəlir (valyuta) tamamilə
cəmiyyətlərin öz hesablarında qalır.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz
ELÇİBƏY.
Bakı şəhəri, 25 avqust 1992-ci il.
№ 284.
Hiç yorum yok:
Yorum Gönder