Sosial işçi olmaq mənim üçün nə deməkdir?

Sosial işçi olmaq mənim üçün çox şərəfli peşədir. Həqiqətən özümü bu sahədə tapdım. İndi sosial işə necə gəldiyimi daha aydın şəkildə izah edəcəyəm.
Hələ uşaq olanda insanlarla ünsiyyət qurmağa, nə isə öyrənməyə, kiməsə kömək etməyə çalışırdım. Valideynlərim həmişə klassik Azərbaycan ailələrinin arzuladığı kimi “Polis”, “Həkim”, “ İcra başçısı”, “Nazir” olmağımı istəyiblər. Çünki əgər sadaladıqlarımdan biri olsam, mən mütləq “xoşbəxt”olacağam. Lakin buna heç marağım olmayıbvə həmişə bu tip işlərdən uzaq olmuşam. Ola bilər ki , o işlərdə pul, “hörmət” və s. nəsə var. Ancaq düşünürəm ki, mənim üçün bunlar xoşbəxtlik deyil.Çalışıram ki, ətrafımda olan insanlara kömək edim, onlarla ünsiyyətdə olum, insanları dinləyim.

Əslində elə kiçik görünən belə şeylər məni xoşbəxt edir.Universitetə hazırlıq mərhələsi dəhşətli bir hadisədir. Psixoloji gərginlik, ailə, dost və qohumların hər dəqiqə sənə zəng edib “necə oldu ?”,”necə yazdın?” deməsi və s. həqiqətən insanı çox gərginləşdirir. Bir anlıq hər şeydən uzaq olmağı istəyir insan.Nə isə, bunları bir kənara qoyaq, keçək əsas məsələyə. Universitetə imtahan verdim, o qədərdə yüksək bal yığa bilmədim. Əslində çox çalışqan insanam, ancaq sadəcə həmin günsəhhətimdə problem yarandı, imtahana nasaz halda getdim. Bütün bunlara baxmayaraq mən seçim etməli idim. Çox təəssüf olsun ki, valideynlərimin istədiyi yerlərə balım çatmırdı. Ancaq belə bir deyim mövcüddur:“Hər işdə bir xeyir var”. Jurnalda seçim edərkən bir çox ixtisaslar yazmışdıq. Ancaq qonşumuz riyaziyyat müəllimi Xuraman xala bildirdi ki: “Bala, “Sosial İşi” yaz, təzə ixtisasdir, yəqin yaxşı olar”. Valideynlərim də oradakı, “İş” sözünə baxdılar,: “Deməli gələcəkdə işin olacaq,”- deyə, zarafat da etdilər.Mən sosial iş haqqında məlumat toplamaq üçün internetdə axtarış etdim, ancaq dolğun məlumat tapa bilmədim. Çünki 2009-2010-cu illərdə Sosial iş ixtisas kimi təzə yaradılmışdı. Bu sahədə məzunlar ancaq xaricdə təhsil alıb gələnlər idi və onların köməyi ilə mənim kimi tələbələrin həyatında da sosial işin inkişafı başladı.

Çərçivədən çox kənara çıxmayım. Azərbaycan Universitetinin Sosial iş fakültəsinə qəbul olundum. Elə bununla da həyatım dəyişdi. Sosial işdən ilk dərs deyən müəllimlərim xaricdə Sosial İş üzrə təhsil alan Turanə Əliyeva və Tamerlan Rəcəbov olub. Sosial işin mahiyətini, məqsədini o qədər aydın başa saldılarki ki, mən özümü tapdığımı və “mənə lazım olan işin bax bu olduğuna” inandım. Həqiqətən, 4 il ərzində Sosial işlə bağlı çox biliklər öyrəndim. Eyni zamanda dərsdən sonra Qeyri-Hökümət Təşkilatlarında könüllü olaraq fəaliyyət gostərirdim. Nəzəriyyədə öyrəndiyim bilikləri təcrübədətətbiq edirdim. 2 il UAFA təşkilatında (Azərbaycana Birgə Yardım) könüllü olaraq fəaliyyət göstərdim. Məhz bu 2 ildə təcrübi biliklərimi artırdım. İlk dəfə olaraq UAFA-da ailələrə səfər etdim. Çox maraqlı, eyni zamanda çətin idi .

Sosial işdə ailələri, dəstəyə ehtiyacı olan insanları başa düşmək üçün “empatiya” qurmaq çox vacibdir. Yəni, özünü benefisiarın (sosial işçinin xidmətindən faydalanan şəxs) yerinə qoymaq, dərdinə şərik olmaq, onu başa düşmək lazımdır. Sosial işdə belə bir söz var - “Yanmamaq”. Bu o deməkdir ki, sən özünü benefisiarın yerinə qoya bilərsən, ancaq bunu qədərində etmək vacibdir. Keçirdiyimiz hissləri iş yoldaşlarımızla, konfidiensiallığı pozmamaq şərti ilə, bölüşmək lazımdır.Bir neçə təşkilatda sosial işçi kimi fəaliyyət göstərdim. Hal- hazırda isə sosial işçi kimi UAFA-da “Qeyt-Kipinq mexanizminin Azərbaycanda tətbiq olunması” layihəsində Layihə Assistenti vəzifəsində fəaliyyət göstərirəm. Tez bir zamanda öz üzərimdə işləəklə peşəkarlığımı daha da inkişaf etdirib sosial sahədə yeniliklər edəcəyimə inanıram. Həqiqətən şükür edirəm ki , ehtiyacı olan ailələrə, əliliyi olan insanlara az da olsa kömək edə bilirəm. Sosial işə qazanc mənbəyi kimi baxmıram. Həqiqətən işimdən çox zövq alıram. Hamıya sevdiyi işdə işləməyi arzu edirəm.

1 yorum:

  1. Salam;sizinle nece elage saxliya bilerem?,mende sosial iş ixtisasını bitirmişem

    YanıtlaSil